logo

Paralimpiyaçılarımız  “Tokio-2020”yə 31 lisenziya qazanıblar

13:11 29-06-2021 | icon 4032
Paralimpiyaçılarımız  “Tokio-2020”yə 31 lisenziya qazanıblar

Milli Paralimpiya komandamız “Tokio-2020” Yay Paralimpiya Oyunlarına daha 11 lisenziya əldə edib. Reytinq xalı qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın paracüdoçumuz “Tokio-2020”də iştirak hüququ qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya bildirilib ki, kişilərin paracüdoçu yarışında ölkəmizi Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.

Xatırladaq ki, “Rio-2016” Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 kişi və 1 qadın olmaqla ümumilikdə 7 paracüdoçu ilə təmsil olunub.

Beləliklə, milli Paralimpiya komandamızın “Tokio-2020”də qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, “Rio-2016” XV Yay Paralimpiya Oyunlarına Azərbaycan millisi 22 lisenziya qazanmışdı.