logo

"EURO-2020": Dünya çempionunu məğlub edən İsveçrə millisi 1/4 finalda

09:10 29-06-2021 | icon 5278
"EURO-2020": Dünya çempionunu məğlub edən İsveçrə millisi 1/4 finalda

Futbol üzrə İsveçrə millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

YeniAvropa xəbər verir ki, iyunun 28-də Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionda Fransa və İsveçrə yığma komandaları üz-üzə gəliblər.

Argentinalı baş hakim Fernando Andres Rapallininin idarə etdiyi oyunda hesabı İsveçrə millisi açıb. Matçın 15-ci dəqiqəsində Steven Zuberin ötürməsini Haris Seferoviç baxımlı qolla tamamlayıb. Görüşün birinci hissəsi İsveçrə millisinin minimal üstünlüyü ilə başa çatıb -1:0.

Dünya çempionu Fransa millisi ikinci hissəyə daha fəal başlayıb. Təşəbbüsü ələ alan fransalı futbolçular qarşılaşmanın 57-ci və 59-cu dəqiqələrində Kərim Benzemanın dublu sayəsində hesabda önə keçiblər. Matçın 75-ci dəqiqəsində fransalı futbolçu Paul Poqba hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 81-ci dəqiqəsində Haris Seferoviç dubl edib. Oyunun 90-cı dəqiqəsində isveçrəli forvard Mario Qavranoviç hesabı bərabərləşdirib.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Komandaların cəhdlərinə baxmayaq hesab dəyişməyib.

Dörddəbir finala yüksələn komanda penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən İsveçrə millisi növbəti mərhələyə adlayıb - 5:4.

İsveçrə millisi dörddəbir finalda İspaniya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də Sankt-Peterburqda təşkil olunacaq.

Bundan əvvəl dörddəbir final mərhələsinin daha iki cütü müəyyənləşib. İyulun 2-də Münxendə Belçika və İtaliya, ertəsi gün isə Bakıda Çexiya və Danimarka milliləri qarşılaşacaqlar.

Xatırladaq ki, İsveçrə millisi "EURO-2020"nin qrup mərhələsinin iki oyununu Bakı Olimpiya Stadionunda keçirib. Uels yığması ilə oyunda 1:1 hesablı heç-heçə edən İsveçrə seçməsi  növbəti oyunda Türkiyə millisini 3:1 hesabı ilə məğlub edib.