Bu gün "EURO-2020"nin 1/8 final mərhələsinə start veriləcək.
YeniAvropa xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Uels və Danimarka yığmaları arasında olacaq. Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu cütün qalibi növbəti mərhələ oyununu Bakıda keçirəcək.1/4 final mərhələ oyununu Bakı Olimpiya Stadionunda keçirəcək ikinci komanda isə Niderland - Çexiya cütlüyünün qalibi olacaq.
A qrupunu 2-ci pillədə tamamlayaraq, pley-off-a yüksələn Uels yığması artıq Bakıda 2 oyun keçirib. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşmada İsveçrə ilə 1:1 hesablı heç-heçə edən britaniyalılar ikinci görüşdə Türkiyə millisinə qalib gəlib - 2:0.
Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.