Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi daha üç oyunun yeri dəqiqləşib.
YeniAvropa xəbər verir ki, İrlandiya ilə həm evdə, həm də səfərdə, Serbiya ilə rəqib meydanında baş tutacaq görüşün təşkil olunacağı stadion müəyyənləşib.
Sentyabrın 4-də Azərbaycan millisi İrlandiyanın qonağı olacaq. Dublindəki matç “Aviva” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oktyabrın 9-da isə yığmamız İrlandiyanı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Oktyabrın 12-də Serbiyada keçiriləcək qarşılaşma Belqradda baş tutacaq. Rayko Mitiç stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Lüksemburq sentyabrın 1-dəki səfər, noyabrın 11-dəki ev oyununun yeri hələ dəqiqləşməyib. Sentyabrın 7-də Portuqaliya ilə qarşılaşmanın isə Bakı Olimpiya Stadionunda təşkil olunacağı öncədən bəlli idi.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan millisi martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirib. Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma 2:1 Serbiya yığmasınn xeyrinə başa çatıb.
Qeyd edək ki, yığma komandamız "DÇ-2022"nin seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparır.