2016-cı ildə Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran cudo yığmamızın üzvü Elmar Qasımovun "İnstaqram" hesabında balkondan küçəyə pul əskinasları səpməsini əks etdirən paylaşdığı video sosial şəbəkələrdə tənqid edilib.
YeniAvropa xəbər verir ki, görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpməsi aydın görünür.
Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:
"Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, "İnstaqram" hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Hazırda Qasımov milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. "İnstaqram" Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.