logo

“EURO-2020”: Bakıda Türkiyə-Uels qarşılaşması başladı

20:01 16-06-2021 | icon 3199
“EURO-2020”: Bakıda Türkiyə-Uels qarşılaşması başladı

İyunun 16-da “EURO-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşır.

YeniAvropa xəbər verir ki, oyunda Türkiyə millisinin heyətində meydana Uğurcan Çakır, Umut Meraş, Çağlar Söyüncü, Kaan Ayhan, Zeki Çelik, Okan Yokuşlu, Uzan Tufan, Hakan Çalhanoğlu, Cengiz Ünder, Kenan Karaman və Burak Yılmaz (k) çıxıblar.

Uels yığmasının start heyətində isə Danni Uord, Ben Deyvis, Co Rodon, Kris Mefam, Konnor Roberts, Konnor Roberts, Co Allen, Co Morrel, Daniel Ceyms, Aaron Remsi, Qaret Beyl (k) və Kieffer Mur yer alıblar.

Qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaşdır. Ona həmyerliləri Rui Taveres və Paulu Suareş kömək edirlər. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirir. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyrodur.

Çempionatın açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” üçün bu qarşılaşma mühüm əhəmiyyət daşıyır. Uels seçməsi Bakı Olimpiya Stadionunda keçirilən birinci görüşdə İsveçrə ilə heç-heçə edib – 1:1.

“Ay-ulduzlular” Uels ilə sonuncu dəfə 24 il əvvəl üz-üzə gəliblər. İstanbulda oynanılan həmin görüşdə qardaş ölkənin təmsilçiləri 6:4 hesabı ilə qələbə qazanıblar. Komandalar ümumilikdə 6 rəsmi matçda qarşılaşıblar. Həmin oyunların 2-də qalib gələn Türkiyə yığması 3 görüşdə uduzub. Top nisbəti də Uels yığmasının xeyrinədir – 7:10.

Türkiyə milli komandası Uels ilə oyunda 98 illik tarixində 594-cü oyununu keçirir. Həmin görüşlərin 226-da qalib gələn Türkiyə 225 görüşdən məğlub ayrılıb, 142 oyunda isə heç-heçə edib. Şenol Günəşin rəhbərliyi ilə indiyədək keçirdiyi 54 rəsmi oyunun 30-nu qələbə ilə başa vuran Türkiyə millisi 11 görüşdə uduzub, 13 matçda isə meydandan “sülh”lə ayrılıb. Bu görüşlərdə 96 qol vuran komanda qapısından 51 top buraxıb.

Qeyd edək ki, bu qrupun növbəti oyunu İtaliya millisi ilə İsveçrə seçməsi arasında olacaq. Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı rusiyalı referi Sergey Karasyov idarə edəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə - Türkiyə qarşılaşmasına və iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

“EURO-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.