“EURO-2020”yə uğursuz start verdik. Açılış oyununda gözəl oyun nümayiş etdirə bilmədik. Uğursuzluğa son qoyub qələbə qazanmaq istəyirik.
YeniAvropa xəbər verir ki, bunu “EURO-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş bu gün təşkil olunan mətbuat konfransında deyib.
Türkiyəli mütəxəssis bildirib ki, irəliyə baxmaq lazımdır: " Uels millisi güclü futbolçulardan təşkil olunub. Müdafiədə oynasalar da, sürətli hücumları olur. İsveçrə və Uels ilə oyunlardan 6 xal qazanmaq istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq.
Futbolçularıma inanıram. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Bütün bunlar qələbə qazanmağımız üçün ediləcək. Uels ilə oyunun nəticəsi bizim üçün çox vacibdir. İsveçrə ilə oyunu ayırmaq istəmirəm. Hər iki oyunda meydandan qalib ayrılmaq istəyirik”, - deyə baş məşqçi sözlərinə əlavə edib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.