logo

Futbol üzrə XVI Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib

22:59 11-06-2021 | icon 2891
Futbol üzrə XVI Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib

İyunun 11-də Romadakı “Olimpiko” stadionunda futbol üzrə 16-cı Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, təntənəli açılış mərasimi Avropa çempionatının 60 illik tarixini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra İtaliya paytaxtının təmsilçiləri “Latsio” və “Roma” klublarının canlı əfsanələri Alessandro Nesta və Françesko Totti arenadakı 16 min azarkeşi və tərəfdarları salamlayıblar.

Daha sonra İtaliya Dövlət Polis Qrupu “Gugliemo Tell” adlı mahnını səsləndirib. Tarixi Risorcimento (İtaliyanın birləşdirilməsi) dövrünə aid formalarla arenaya daxil olan altı cəngavər və nəhəng helium şarlarla şou göstərən 12 atlet tamaşaçılara xoş anlar bəxş ediblər.

Çempionatda mübarizə aparan 24 komandanın şərəfinə səhnəyə sülhü, rəqabət ruhunu və idmanın gözəlliyini təmsil edən 24 atlet çıxıb.

İtaliyalı məşhur tenor Andrea Boçellinin dünya şöhrətli “Nessun Dorma” ariyasını ifa etməyə başlaması ilə eyni anda arenadan havaya buraxılan 24 şar “Avro-2020”nin ruhunu təmsil etmək üçün birləşərək səmaya yüksəlib. Balonlar havaya qalxarkan pirotexniki effeklər mərasimə xüsusi rəng qatıb.

Ariyanın sədaları altında Türkiyə və İtaliya milli komandalarının futbolçuları stadiona daxil olublar.

Nəhayət, niderlandlı Martin Qarriks, İrlandiyanın “U2 Bono and The Edge” rok qrupu “Avro-2020”nin rəsmi “Biz xalqıq” (We are the People) mahnısını ifa ediblər.

Təntənəli mərasimdən sonra çempionatın açılış matçına – Türkiyə - İtaliya oyununa start verilib. A qrupunda yer alan bu komandaların qarşılaşmasını niderlandlı referi Danni Makkeli idarə edir.

İyulun 11-dək davam edəcək çempionatda 24 komanda 6 qrupda mübarizə aparır.

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro-2020”nin oyunlarına Roma ilə yanaşı, Bakı, Sankt-Peterburq, London, Münxen, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeşt şəhərləri ev sahibliyi edir.

Avropa çempionatları tarixində ilk dəfə bu turnirdə videonəzarət (VAR) texnologiyasından istifadə ediləcək. Çempionatın final görüşü Londondakı “Uembli” stadionunda təşkil olunacaq. “Uembli” stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək.

Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və Şimali Makedoniya C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Şotlandiya yarışacaqlar. İspaniya, İsveç, Polşa və Slovakiya E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Fransa, Almaniya, Portuqaliya və Macarıstan seçmələri qarşılaşacaqlar.

Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. İyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.