logo

"Çelsi" UEFA Çempionlar Liqasının qalibi oldu

00:47 30-05-2021 | icon 4410
"Çelsi" UEFA Çempionlar Liqasının qalibi oldu

Mayın 29-da UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçında İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları qarşılaşırlar.

 YeniAvropa xəbər verir ki, 66-cı dəfə keçirilən qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü Portu şəhərindəki “Draqao” stadionunda oynanılıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb.

Final matçından əvvəl təntənəli açılış mərasimi və tanınmış musiqiçilərin iştirakı ilə möhtəşəm konsert proqramı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə gərgin anlar yaşanıb. 

Komandaların birinci hissənin sonuna doğru hücumlarının kəsərini artırması hesabın dəyişməsi ilə nəticələnib və “Çelsi” 42-ci dəqiqədə hesabı açıb. Belə ki, qapıçı Eduard Mendinin zərbəsindən sonra Ben Çilvels bir toxunuşla topu ön xətdəki komanda yoldaşı Kay Havertzə ötürüb. Rəqib qapıçını keçən hücumçu topu boş qapıya göndərməkdə çətinlik çəkməyib – 1:0.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra “Mançester Siti” hesabı bərabərləşdirmək üçün irəli atılıb. Matçın 60-cı dəqiqəsində Mançester təmsilçisinin əsas qol silahı sayılan Kevin De Bruyne zədə üzündən meydanı tərk edib. Onun yerinə oyuna Qabriel Jesus daxil olub.

Qarşılaşmanın 70-ci dəqiqəsində “Çelsi" rəqibini yenidən əks-hüçumda yaxalayıb. Lakin qapıçı ilə təkbətək qalan Kristian Pulişiçin zərbəsindən sonra top qapıdan yan keçib.

Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.

Beləliklə, final görüşündə "Mançester Siti"ni minimal hesabla məğlub edən "Çelsi" komandası UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün qalibi olub.

London təmsilçisi bununla da 2012-ci ildən sonra tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilib.

Qalib komandaya kuboku və futbolçulara medalları UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.