logo

Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək

11:20 26-05-2021 | icon 3199
Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək

Mayın 26-da Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı fransalı referi Kleman Türpen idarə edəcək.

“Qarabağ” klubunun yer aldığı I qrupdan lider kimi pley-offa adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə UEFA Avropa Liqasının finalında oynayacaq. Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub. Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.

“Mançester Yunayted” isə sonuncu dəfə 2016-2017-ci il mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.

Həlledici oyundan əvvəl komandaların heyətində ciddi itkilər var. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Kapitan Hari Maquayrın da eyni səbəbdən oynamayacağı gözlənilir. “Vilyarreal”ın isə üç oyunçusu matçı buraxmalı olacaq. Visente İborra, Samuel Çukvueze və Xuan Foyt zədə üzündən ingilislərə qarşı oynamayacaq.

Qeyd edək ki, “Vilyarreal” yarımfinalda “Arsenal”ı (2:1, 0:0), “Mançester Yunayted” isə “Roma”nı (6:2, 2:3) məğlub edərək finala vəsiqə qazanıblar.