logo

“Keşlə” ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub

20:30 24-05-2021 | icon 3822
“Keşlə” ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub

Mayın 24-də futbol üzrə Azərbaycan Kubokunun final görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, turnirin həlledici görüşündə “Keşlə” və “Sumqayıt” klubları üz-üzə gəlib.

“Sumqayıt ” klubunun start heyətində meydana Aydın Bayramov, Xəyal Nəcəfov, Elvin Bədəlov, Vüqar Mustafayev, Rəhim Sadıqov, Tellur Mütəllimov, Cəmaləddin Xocaniyazov, Əli Qurbani, Höccət Haqverdi, Murad Xaçayev və Süleyman Əhmədov çıxıblar.

“Keşlə”nin start heyətində Stanislav Namaşko, Azər Salahlı, Rəhman Hacıyev, Tural Axundov, Şəhriyar Əliyev, Miyusko Boyoviç, Sezar Meza Kolli, Silvio Rodriqes, Sadio Tonkara, Anatole Abanq və Rafael Məhərrəmli yer alıb.

Oyunda hesabı üçüncü dəqiqədə “Sumqayıt” klubu açılıb. Paytaxt klubunun müdafiəçisi Miyusko Boyoviçin öz qapısına vurduğu qol "gənclik şəhəri" təmsilçisini önə çıxarıb. Birinci hissənin başa çatmasına səkkiz dəqiqə qalmış keşləlilər hesaba tarazlıq gətirib. “Keşlə” klubunun müdafiəçisi Şəhriyar Əliyev hesabı künc ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi vurub. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Gərgin keçən ikinci hissənin 57-ci dəqiqəsində üçüncü qol vurulub. Bu dəfə “Keşlə” klubu hesabda önə çıxıb. Bakı klubunun müdafiəçisi Miyusko Boyoviç 57-ci dəqiqədə hesabı komandasının xeyrinə dəyişib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib. Beləliklə, “Keşlə” tarixində ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017-2018-ci il mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək ölkə kubokunu qazanıb.

Növbəti mövsüm finalda, hazırda “Keşlə”yə rəhbərlik edən Sənan Qurbanovun baş məşqçi olduğu “Qəbələ” “Sumqayıt”a eyni hesabla qalib gəlib.

Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialı idi. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" bu oyunda qalib gələrək avrokuboklara yollanıb.