Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək qitə yarışın həlledici mərhələsinə Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. Serbiyanın paytaxtı Belqradda keçirilən püşkün nəticəsinə əsasən, komandamız "A" qrupunda yarışacaq. Voleybolçularımızın rəqibləri Serbiya, Rusiya, Belçika, Fransa, eləcə də Bosniya və Herseqovina yığması olacaq. Seçməmizin oyunları Belqraddakı "Ştark Arena"da keçiriləcək. İştirakçılar hərəsində 6 komanda olmaqla, 4 qrupda mübarizə aparacaqlar.
"B" qrupunda Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan, "C" qrupunda Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə, "D" qrupunda isə Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya və İsveç yığmaları yer alıb.
Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər.
Pley-off və dörddəbir final mərhələsinin görüşləri Belqrad və Plovdiv şəhərlərində təşkil olunacaq. Mükafatlar uğrunda matçlar isə Serbiyada keçiriləcək.