logo

Güləşçilərimiz Avropa çempionatında medal sayını 4-ə çatdırıblar

21:33 18-05-2021 | icon 3388
Güləşçilərimiz Avropa çempionatında medal sayını 4-ə çatdırıblar

Azərbaycanın sərbəst güləşçiləri 23 yaşadək idmançılar arasında Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

YeniAvropa xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan qitə birinciliyində 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Əliabbas Rzazadə ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. Dörddəbir finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Güləşçimiz 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya idmançısından üstün olaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Ə.Rzazadə gümüş medalla kifayətlənib.

Güləşçimiz Zirəddin Bayramov (65 kq) ilk görüşdə rusiyalı idmançıya uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də təsəlliverici görüşə çıxıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn Z.Bayramov axşam seansında üçüncü yer üçün güləşib. Təmsilçimiz Belarusdan olan rəqibinə də heç bir şans tanımayıb və bürünc medala sahib olub.

Millimizin üzvü İslam İlyasov (97 kq) debütdə Rusiya güləşçisinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də bürünc medal qazanmaq şansı əldə edib. Polşadan olan rəqib təsəlliverici görüşə çıxmadığı üçün İ.İlyasov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Son görüşdə Gürcüstan güləşçisini böyük hesabla məğlub edən İ.İlyasov ölkəmizə ikinci bürünc medalı qazandırıb.

Qeyd edək ki, güləşçimiz Cəbrayıl Hacıyev (70 kq) U-23 Avropa çempionatının qalibi olub.