logo

 Fatih Terim “Qalatasaray”dan getdi

17:17 17-05-2021 | icon 3255
 Fatih Terim “Qalatasaray”dan getdi

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim vəzifəsindən istefa verib.

YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qalatasaray” ilə müqaviləsinin müddəti bu il mayın 31-də başa çatacaq 67 yaşlı mütəxəssis klub prezidenti vəzifəsinə gələn ay keçiriləcək seçkilərlə əlaqədar komandadan ayrılıb.

Türkiyəli çalışdırıcı Super Liqanın sonuncu turunda “Yeni Malatyaspor” ilə matçdan (3:1) sonra əvvəllər də olduğu kimi, klubun seçiləcək yeni rəhbərliyinin baş məşqçi məsələsində şəffaf qərarlar verə bilməsi üçün vəzifəsini vaxtından əvvəl tərk etdiyini bildirərək demişdi: “Mənim müqaviləmin müddəti bu ay başa çatır. Hər dəfə prezident seçkilərində olduğu kimi, bu dəfə də üzərimə düşəni yerinə yetirəcəyəm. Buna heç kimin şübhəsi olmasın”.

Həmçinin bildirilir ki, klubun yeni seçiləcək rəhbərliyi əgər Fatih Terimin “Qalatasaray”da qalmasını istəsə, təcrübə və planları nəzərə alaraq onunla yeni müqavilə imzalayacaq. Lakin komandaya yeni mütəxəssisin gətirilməsi də istisna olunmur.

Qeyd edək ki, “Qalatasaray” 2020-2021-ci il mövsümündə Super Liqada “Beşiktaş” ilə eyni - 84 xal toplasa da top fərqinə görə çempion ola bilməyib.