Bu il keçiriləcək "Tokio-2020" Yay Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq idmançıların əksəriyyətinə peyvənd vurulacaq.
YeniAvropa xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraiyyə şurasının onlayn iclasında qəbul edilib. İclas zamanı, həmçinin icraiyyə şurasının üzvləri Tokio Olimpiya və Paralimpiya Oyunlarına hazırlığın gedişi barədə məlumatlandırılıblar.
İclasdan sonra mətbuat konfransı keçirən BOK-un nümayəndəsi Mark Adams bildirib ki, peyvənd məqsədilə “Pfizer” və “BioNTech” şirkətlərinin məhsullarından istifadə ediləcək. Bu zaman Atletlər kəndinin əksər sakinlərinə peyvənd vurulacaq.
Yaponiyanın NHK telekanalının məlumatına görə, Olimpiadaya qatılacaq idmançıların və digər nümayəndələrin təqribən 70 faizi Oyunlardan əvvəl vaksinasiya olunacaq.
M.Adams, həmçinin bildirib ki, Yaponiyada peyvənd vurulması prosesi hələ də davam etdiyinə görə, sakinlərin əksəriyyəti Olimpiadanın keçirilməsinə mənfi yanaşır. Peyvəndləmənin onlar üçün dəqiq siqnal olacağını söyləyən BOK rəsmisi, Oyunların təhlükəsiz keçəcəyinə əminliyini ifadə edib.
Bununla yanaşı, Olimpiadanın təşkilat komitəsinin sədri xanım Haçimoto Seyko Oyunların keçirilməsinə qarşı müraciətlərin birbaşa idmançılara ünvanlanmasının yolverilməz olduğunu bəyan edib. H.Seyko, həmçinin qeyd edib ki, məmurlar idmançıların yarışlara rahat hazırlaşması üçün lazım olan bütün tədbirləri görməkdədirlər.