logo

"Keşlə" "Sumqayıt"la  Azərbaycan Kubokunun finalını oynayacaq

21:13 29-04-2021 | icon 3899
"Keşlə" "Sumqayıt"la  Azərbaycan Kubokunun finalını oynayacaq

Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

YeniAvropa xəbər verir ki, günün ikinci cavab oyununda "Zirə" "Keşlə"ni qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar qələbə qazanıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Şəhriyar Əliyev avtoqol müəllifi olub.

Matçın 66-cı dəqiqəsində Sezar Meza Kolli hesabı bərabərləşdirib. 30 yaşlı paraqvaylı yarımmüdafiəçi 90+1-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Zirə" ilk görüşdə 2:1 hesablı qələbə qazandığından, matçda əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Sezar Meza Kolli özünün və komandasının üçüncü qoluna imza atıb. Görüşün 112-ci dəqiqəsində Klesio Bauk fərqi azaltsa da, "Keşlə" yekunda 3:2 hesablı qələbəyə sevinib.

Beləliklə, "Keşlə" tarixində 6-cı dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici qarşılaşmada "Sumqayıt"la üz-üzə gələcək. Final oyunu mayın 24-də "Bank Respublika Arena"da gerçəkləşəcək.