logo

Sərbəst güləş yığmamız Avropa çempionatında 4-cü oldu

14:12 22-04-2021 | icon 3976
Sərbəst güləş yığmamız Avropa çempionatında 4-cü oldu

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 idmançı ilə qatılan yığmamız komanda hesabında dördüncü yeri tutub.

Bir gümüş və üç bürünc medal qazanan komandamız 95 xal toplayıb və üçüncü pillədə qərarlaşan Gürcüstandan cəmi 1 xal geri qalıb. Yığmamıza ən çox xalı gümüş medala sahib çıxan Turan Bayramov (70 kq) qazandırıb - 20 xal. Bürünc medalı boynundan asan güləşçilərimiz - Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) hərəyə 15, beşinci yeri tutanlar - Əhmədnəbi Qvarzatilov (61 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə 10 xalı komandamızın hesabına yazıblar.

Rusiya komandası 206 xalla birinci, Ukrayna isə 113 xalla ikinci olub.

Qeyd edək ki, millimiz bu dəfə Avropa çempionatına əsasən gənc güləşçilərlə qatılıb. Komanda üzvlərinin orta yaş həddi 23 olub.