Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, çempionatın üçüncü günündə 50 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnik yarışa qələbə ilə başlayıb. Millimizin lideri 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finala gedən yolda güləşçimizin rəqibi ukraynalı Oksana Livaç olacaq.
Bu gün iki sərbəst güləşçimiz bürünc medal uğrunda xalça üzərinə çıxacaq. Belə ki, Əhmədnəbi Qvarzatilov (61 kq) Gürcüstan idmançısı Beka Lomtadze, Osman Nurməhəmmədov (92 kq) isə ukraynalı Andril Vlasov ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar