Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, milli komandamızın üzvü Turan Bayramov (70 kq) səkkizdəbir finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. T.Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən güləşçimiz ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə sərbəst güləşçimiz rusiyalı rəqibinə məğlub olub və qitə birinciliyinin gümüş medalı ilə kifayətlənib.
Azərbaycan millisinin digər üzvü-65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də oyundan kənarlaşdıran Ə.Rəhimzadə adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş olduqca maraqlı alınıb. Ə.Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib.
Güləşçimiz üçüncü yer uğrunda görüşdə Andrey Sviridi (Ukrayna) məğlub edib və ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.