logo

Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi

20:58 13-04-2021 | icon 1757
Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi
Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.
 
 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından verilən məlumatda bildirilib. Qeyd edilib ki, qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.
 
Sözügedən yarışlar bu il keçiriləcək "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə dünya çempionatıdır (27-29 may).
 
Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
 
Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutub. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.