logo

Cüdoçularımız Antalyadan 1 qızıl, 2 bürünc medalla dönürlər

19:20 03-04-2021 | icon 2534
Cüdoçularımız Antalyadan 1 qızıl, 2 bürünc medalla dönürlər

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan komandası yarışı 1 qızıl, 2 bürünc medalla başa vurub. Belə ki, yığmamıza qızıl medalı cüdoçumuz Zelim Katsoyev (100 kq) qazandırıb. Belə ki, 1/16 finalda mübarizəyə başlayan Azərbaycan təmsilçisi Kiril Maret (Fransa), Zlatko Kumriç (Xorvatiya), Kayhan Özçiçək-Takagi (Avstraliya) və Qriqori Minaşkinə (Estoniya) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə yaponiyalı Aron Vulfu da məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. Belə ki, 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdıran idmançımız komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Daha bir bürünc medalı komandamıza cüdoçumuz Murad Fətiyev (81 kq) qazandırıb. Yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Stepien (Polşa) və Din Gemeri (İsrail) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. İdmançımızın təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli rəqibi David Karapetyan tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. Üçüncü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.

Beləliklə, ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

93 ölkənin cüdoçularının mübarizə apardığı nüfuzlu turnirdə Azərbaycan millisi medalların əyarına görə ümumi hesabda 7-ci, kişilərin yarışında 4-cü yeri tutub.