“DÇ-2022”nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start verilib.
YeniAvropa xəbər verir ki, bu günə nəzərdə tutulan 13 qarşılaşmadan ikisi artıq başa çatıb.
G qrupunda Türkiyə millisi evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib. "Ay-ulduzlular"ın heyətində Burak Yılmaz het-trik edib. Otuz altı yaşlı hücumçu 15, 34 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolu 46-cı dəqiqədə Hakan Çalhanoğlu vurub. Qonaqlardan isə 75-ci dəqiqədə Devi Klaassen və 77-ci dəqiqədə Lük de Yonq adlarını tabloya yazdırıb. Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Niderland millisi penaltidən yararlana bilməyib. Memfis Depayın zərbəsinin qarşısını Uğurcan Çakır alıb.
Azərbaycan millisinin yer aldığı A qrupunda isə Qətər yığması Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Lüksemburqa minimal hesabla qalib gəlib. Yeganə qolu 12-ci dəqiqədə Məhəmməd Muntari vurub.