Sorğu iştirakçılarının 70 faizi Olimpiya Oyunlarının bu yay keçirilməsini istəmir
ABŞ, Çin, Fransa, Tailand və Cənubi Koreyada rəyi soruşulanların 70 faizindən çoxu hesab edir ki, "Tokio-2020" Yay Olimpiya Oyunları ya ləğv olunmalı, ya da sonra keçirilməlidir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, rəy sorğusunun nəticəsini Yaponiya mətbuat tədqiqat institutu açıqlayıb. İnstitutun yaydığı məlumatda bildirilir ki, koronavirus pandemiyası davam etdiyindən Olimpiya Oyunları ləğvinə, yaxud vaxtının dəyişdirilməsinə tərəfdar olanlar Tailandda 95,6 faiz, Cənubi Koreyada 94,7 faiz, Çində 82,1 faiz, ABŞ-da 74,4 faiz, Fransada 70,6 faiz təşkil edib. Yaponiyanın özündə bu fikirdə olan respondentlər 71,9 faizdir.
Olimpiya oyunlarının bu yay keçirilməsinə ABŞ-da sorğu iştirakçılarının 24,5 faizi, Fransada 25,8 faizi, Çində 17,9 faizi, Cənubi Koreyada 3 faizi, Tailandda 4,4 faizi, Yaponiyada 26,1 faizi tərəfdar çıxıb.
Dekabr-yanvar aylarında keçirilmiş sorğuda hər bir ölkə üzrə təxminən min nəfərin rəyi öyrənilib.
Qeyd edək ki, şənbə günü Tokio Olimpiya Oyunlarının əcnəbi azarkeşlərsiz keçirilməsi qərara alınıb.
Xatırladaq ki, "Tokio-2020" Yay Olimpiya Oyunları pandemiya səbəbindən ötən il baş tutmadı və bu ilin yayınadək təxirə salınmışdı.