logo

Daha bir güləşçimiz Tokio-2020" Olimpiadasına lisenziya qazanıb

09:47 21-03-2021 | icon 2296
Daha bir güləşçimiz Tokio-2020" Olimpiadasına lisenziya qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

 YeniAvropa xəbər verir ki, 87 kiloqramda yarışan idmançı final yolunda isveçrəli Ramon Betşartla üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə məğlub edən İ.Abbasov yarışın həlledici qarşılaşmasına vəsiqə qazanmaqla yanaşı, "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.

Bu, Azərbaycanın yunan-Roma güləşi üzrə ilk olimpiya lisenziyasıdır.

85 kiloqramdakı Murad Məmmədov isə yarımfinalda Almaniya təmsilçisi Etienne Kinsinqerə uduzmaqla lisenziya şansını əldən verib.

İ.Abbasov bu gün qızıl medal uğrunda Gürcüstan güləşçisi Laşa Qobadze ilə qarşılaşacaq. M.Məmmədov isə Helari Maeqisalu (Estoniya) / İvan Lizatoviç (Xorvatiya) cütünün qalibi ilə “bürünc” görüşünə çıxacaq. 77 kiloqramda mübarizə aparan Sənan Süleymanov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi polşalı Mateuş Volni olacaq.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi isə Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb. Kişilərin mübarizəsində Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda, "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qadın güləşçilər isə lisenziyasız qalıb. Yalnız Tatyana Omelçenko (62 kq) bürünc medalla kifayətlənib.