UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin daha beş iştirakçısı məlum olub.
YeniAvropa xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu Xorvatiyada “Dinamo Zaqreb” komandasının qonağı olub. Bir həftə əvvəl Londondakı görüş “Tottenhem” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Xorvatiyadakı cavab görüşündə də matçın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtda bir dəfə də fərqlənən meydan sahibləri matçdan qələbə ilə ayrılıblar. “Dinamo Zaqreb”in heyətində hər üç qolu Mislav Orşiç vurub.
Bundan başqa, səfərdə “Milan”ı minimal hesabla məğlubiyyətə uğradan “Mançester Yunayted”, həmçinin “Qlazqo Reyncers”in qapısından iki cavabsız top keçirən “Slaviya Praqa”, müvafiq olaraq “Dinamo Kiyev” və “Yanq Boyz” klublarını mübarizədən kənarlaşdıran “Vilyareal” və “Ayaks” klubları da növbəti mərhələyə yüksəliblər.
Səkkizdəbir final mərhələsinin erkən başlayan görüşlərindən qalib ayrılan “Arsenal”, “Qranada” və “Roma” klubları da adlarını dörddəbir finala yazdırıblar.