Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış gününün oyunları keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov beşinci turda Maqnus Karlsenlə üz-üzə gəlib. Şahmatçımızın dünya çempionuna qarşı ağ fiqurlarla mübarizəsi heç-heçə ilə başa çatıb. T.Rəcəbov əvvəlki dörd turda amerikalı Hikaru Nakamurla, niderlandlı Yorden Van Forestlə heç-heçə edib, növbəti oyunlarda fransalı Maksim Vaşye-Laqrav və FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olub.
Turnirdə mübarizə aparan digər təmsilçimiz Şəhriyar Məmmədyarov ardıcıl FIDE təmsilçisi Alireza Firuzca, Maqnus Karlsen, ispaniyalı David Anton Quixarroya məğlub olub. O, sonrakı qarşılaşmada isveçli Nils Qrandelius üzərində qələbə qazanıb. Şahmatçımız son turda niderlandlı Aniş Giri ilə mübarizə aparacaq.