Tomas Bax yenidən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.
YeniAvropa xəbər verir ki, seçki BOK-un 137-ci sessiyası çərçivəsində təşkil olunub. Səsvermə zamanı 93 nəfər onun lehinə, bir nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, T.Bax bu posta yeganə namizəd olub. Beləliklə, o, növbəti 4 il müddətində BOK-a rəhbərlik edəcək.
Sessiyanın əvvəlcə Afinada keçirilməsi planlaşdırılsa da, lakin koronavirus pandemiyası səbəbindən tədbir onlayn baş tutub. Bu formada iclas, təşkilatın bir əsrdən çox tarixi ərzində ikinci dəfə keçirilir.
67 yaşlı Tomas Bax 2013-cü ildə Buenos Ayresdə BOK prezidenti seçilib. O, bu vəzifədə belçikalı Jak Roqqu əvəz edib. Sessiya martın 12-də başa çatacaq. İclasda, həmçinin 2025-ci ilədək Olimpiya hərəkatının 15 bənddən ibarət olan inkişaf strategiyası təsdiqlənəcək. Bu, 2013-cü ildə təsdiqlənmiş proqramın davamı olacaq.