Fevralın 18-də Təl-Əvivdə start götürən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır.
YeniAvropa xəbər verir ki, yarışın birinci günündə kişilər arasında 60 kiloqram çəki dərəcəsində Kəramət Hüseynov britaniyalı Eşli Makkenzi, Davud Məmmədsoy almaniyalı Morits Plafki, 66 kiloqram çəki dərəcəsində Orxan Səfərov İsrail təmsilçisi Amit Boboviç, Nicat Şıxəlizadə isə rumıniyalı Petr Jukov ilə güclərini sınayacaqlar.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı və Leyla Əliyevanın rəqibləri yerli idmançılar olacaqlar. A.Qurbanlı Tamar Malka, L.Əliyeva isə Şira Rişoni ilə üz-üzə gələcəklər. Gültac Məmmədəliyeva (52 kq) isə braziliyalı Eleudis Valentim ilə qarşılaşacaq.
Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.