Futbol üzrə Türkiyə kuboku uğrunda turnirin sonuncu iki yarımfinalçısı da müəyyənləşib.
YeniAvropa xəbər verir ki, 1/4 final mərhələsinin son iki oyununda qalib gələn “Antalyaspor” və “Beşiktaş” klubları adlarını yarımfinala yazdırıblar.
“Antalyaspor” komandası “Sivasspor” üzərində minimal hesablı qələbə qazanıb. Oyunda yeganə qolu matçın 62-ci dəqiqəsində Ribeiro Fredi 11 metrlik cərimə zərbəsindən dəqiq yerinə yetirərək vurub.
“Beşiktaş” klubu isə “Konyaspor”u məğlub edərək adını yarımfinala yazdırıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda istanbullular 11 metrlik cərimə zərbələri seriyasında qalib gəliblər – 3:2.
Xatırladaq ki, yarımfinalın digər iki iştirakçısı “Başakşəhər” və “Alanyaspor” klublarıdır.