Fevralın 6-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ikinci cavab qarşılaşması keçirilib.
YeniAvropa xəbər verir ki, günün ikinci matçında “Səbail” öz meydanında region təmsilçisi olan “Sumqayıt” klubunu qəbul edib. “ASCO Arena”da baş tutan görüşdə Sumqayıt təmsilçisi meydan sahiblərini 1:2 hesabı ilə üstələyib. Qonaqların qollarını Rəhim Sadıxov (20) və Əli Qurbani (23) vurub. Paytaxt klubunun heyətində isə Əfran İsmayılov (90+6) fərqlənib.
Beləliklə, birinci oyunda minimal hesabla uduzan “Sumqayıt” 2 səfər qoluna görə yarımfinala adlayıb.
Günün digər matçında isə “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Ağdam təmsilçiləri bu matçda 3:0 hesabı ilə qalib gələrək yarım final mərhələsinə vəsiqə qazanıblar.
Ölkə kubokunun dörddəbir final mərhələsinin digər iki matçı fevralın 7-də keçiriləcək. Bu oyunlarda “Kəpəz” klubu “Keşlə”ni, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.