logo

Tokio Olimpiadasının tamaşaçılarsız keçirilməsi 23,4 milyard dollar zərər vura bilər

19:45 23-01-2021 | icon 2352
Tokio Olimpiadasının tamaşaçılarsız keçirilməsi 23,4 milyard dollar zərər vura bilər

Pandemiya səbəbindən cari ilə planlaşdırılan "Tokio -2020" Yay Olimpiya Oyunlarının tamaşaçılar olmadan təşkili 2,41 trilyon yen (təqribən 23,4 milyard dollar) zərər vura bilər.

YeniAvropa  yerli "Kyodo" agentliyinə istinadla xəbər verir ki, bunu Kansay Universitetinin professoru Miyamoto Katsuhiro bildirib.

Hazırda koronavirus pandemiyasının qarşısının alınmayacağı təqdirdə yayda keçiriləcək yarışlar zamanı stadionlara yalnız 50 faiz yaponiyalı tamaşaçının buraxılması ehtiyat variant kimi nəzərdən keçirilir. Professorun hesablaması yarışlar zamanı ən radikal variantı nəzərdə tutur. Qeyd edilir ki, Oyunların daha bir il müddətinə təxirə salınması 640 milyard yen (6,2 milyard dollar), yarışların tamamilə ləğv edilməsi isə 4,515 trilyon yen (43,8 milyard dollar) zərər vura bilər.

Beynəlxalq Olimpiya Komitəsi (BOK), Yaponiya hökuməti və Tokio administrasiyası Oyunların təxirə salınması və ya vaxtının dəyişdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edirlər.

Xatırladaq ki, BOK və Tokio Olimpiadasının təşkilat komitəsi 2020-ci il martın sonlarında Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına görə 2021-ci ilə keçirilməsi barədə qərar qəbul ediblər. Hazırda yarışların iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. Bu Olimpiada idman növlərinin (33 idman növü) və oynanılacaq medalların sayına (339 medal) görə ən böyük idman yarışı olacaq. İlkin variantda yarışlarda 10-12 min idmançının iştirakı nəzərdə tutulurdu, lakin hazırda onların sayının iki dəfə azaldılacağı bildirilir.