Yanvarın 15-dən 31-dək Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək ənənəvi şahmat üzrə "Tata Steel Chess Tournament” beynəlxalq yarışında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etməməsinin səbəbi bəlli olub.
YeniAvropa xəbər verir ki, bu barədə qrossmeyster "Facebook” hesabında məlumat paylaşıb. Qeyd edib ki, koronavirusa yoluxduğu üçün turnirdə iştirakdan imtina edib. Təşkilatçılara bu dəfə onu başqa şahmatçı ilə əvəz etmələrini bildirib.
""Tata Steel Chess Tournament” turnirində əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19-a yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım.
Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm, amma buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Yerun Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.
Ümidvaram ki, hələ də "Tata Steel"in növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarım ilə sevindirmək imkanım olacaq.
Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.
Hamınız xoşbəxt və sağlam olun!”
Xatırladaq ki, turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.
Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.