logo

Süleyman Mikayılovun AIBA-nın prezidenti ola bilmədi

18:55 13-12-2020 | icon 2184
Süleyman Mikayılovun AIBA-nın prezidenti ola bilmədi

Paytaxtın Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilməyib.

 YeniAvropa xəbər verir ki,  onlayn-formatda keçirilmiş  AIBA-nın növbədənkənar Konqresində Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov qalib gəlib. O, 57,3 faiz səs toplayıb. Hollandiyalı Boris van der Vorst (30 faiz) ikinci, AIBA prezidenti səlahiyyətlərini icra edən mərakeşli Məhəmməd Mustasan (12,67 faiz) üçüncü yeri tutub.

Prezidentliyə namizədlərdən  Süleyman Mikayılov ilə Anas əl-Otaiba (BƏƏ) səs toplaya bilməyib. Dominqo Solano (Dominikan Respublikası) və Rami əl-Məsri (Almaniya) isə namizədliklərini geri götürüblər.

Umar Kremlyov yeni vəzifədə ilkin vəzifəsinin AIBA-nın bir neçə milyon dollarlıq borclarını yaxın altı ay ərzində bağlamaqdan ibarət olduğunu bildirib. O, həmçinin qarşıdakı iki il müddətində ali boks qurumunun bərpası və inkişafı üçün 50 milyon ABŞ dolları cəlb etməyi hədəflədiklərini vurğulayıb.

Qeyd edək ki, Umar Kremlyovun 38 yaşı var. O, Rusiya Boks Federasiyasının baş katibi vəzifəsinə 2017-ci ildə seçilib. Kremlyov həmçinin Avropa Boks Konfederasiyasının I vitse-prezidentidir. 

Xatırladaq ki,  ötən ilin martın 29-dan AIBA-nın prezident postu boş qalırdı. AİBA-nın borc məsələsi uzun müddətdir ki, KİV-in gündəmindən düşmür. Hətta bir arada KİV-lər prezidentliyə namizəd Süleyman Mikayılovun bu borcu öz üzərinə götürdüyünü də yazmışdı.

58 yaşlı S.Mikayılov isə ABF-in saytına açıqlamasında AIBA-nın 16 milyon dollarlıq borcunu bağlayacağı ilə bağlı yayılan məlumatları təkzib etmişdi. 

"Mən bununla bağlı heç kimə söz vermədim. Sadəcə bildirdim və platformamda da qeyd etdim ki, üç ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən "borcları bağlayacağam” demədim”.

Qeyd edək ki, xarici KİV-lərdə AIBA-nın 16 milyon dollarlıq borcunun "Benkons” şirkətinə olduğu qeyd olunur. "Benkons” isə "Gilan Holdinq”ə məxsus məhdud məsuliyyətli cəmiyyətdir. 2018-ci ilin martında Rusiyanın paytaxtı Moskvada keçirilən AIBA-nın Konqresində AIBA İcraiyyə Komitəsinin üzvü kimi Süleyman Mikayılov "Benkons” ilə qarşıdurmanı aradan qaldıracağını və bütün həll edilməli məsələləri yoluna qoyacağını vəd edib.