logo

Bu gün Azərbaycan millisinin rəqibləri müəyyənləşəcək

11:55 07-12-2020 | icon 2471
Bu gün Azərbaycan millisinin rəqibləri müəyyənləşəcək

Bu gün İsveçrənin Sürix şəhərində futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

FIFA-nın son açıqladığı reytinq cədvəlinə uyğun olaraq, 55 yığma komanda 6 səbətə bölünüb. İlk 5 səbətdə 10, sonuncu səbətdə isə 5 komanda qərarlaşıb. Azərbaycan milli komandası 5-ci səbətdə yer alıb. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart-noyabr aylarında keçiriləcək. Qrup qalibləri birbaşa 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar, eləcə də UEFA Millətlər Liqasında iki qrup qalibi pley-off oyunlarına qatılacaq.

Səbətlərin tərkibi aşağıdakı kimidir:

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.