logo

101,5 km-lim yeni Füzuli-Şuşa  avtomobil yolunun  tikintisinə xarici şirkətlər də cəlb edilib

14:54 02-12-2020 | icon 2163
101,5 km-lim yeni Füzuli-Şuşa  avtomobil yolunun  tikintisinə xarici şirkətlər də cəlb edilib

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb edilməsi prosesi yekunlaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, Şuşa şəhərinə aparan yeni avtomobil yolunun layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.

Bundan başqa, çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və bir yerli tikinti şirkəti də layihəyə cəlb olunub. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür, həmçinin xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni yol yatağının inşası işləri aparılır.

Dövlət başçısının sərəncam və tapşırığına əsasən, Şuşa şəhərinin, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 kilometr, yolun ümumi eni isə 37,7 metr təşkil edəcək. Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Eyni zamanda, relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Qeyd edək ki, Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.