logo

Xüsusi zolaqlara daxil olan sürücülər 40 manat cərimələnəcək

13:55 01-12-2020 | icon 1750
Xüsusi zolaqlara daxil olan sürücülər 40 manat cərimələnəcək

Bakıda yaradılan xüsusi zolaqlara icazəsiz daxil olan avtomobillər cərimələnəcək.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda paytaxtın Mikayıl Hüseynov küçəsi ilə mərkəzə doğru avtobusların sərbəst hərəkəti üçün zolaq təşkil edilib: "Həmin zolaqlarda müvafiq yol nişanları quraşdırılıb. Bu zolaq yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub. Paytaxtın on küçə və prospektində belə zolaqların yaradılması planlaşdırılır. Zolaqlara digər avtomobillərin daxil olması qadağandır.Əks halda həmin avtomobillər məsuliyyətə cəlb olunacaq. Bu inzibati xəta tərkibi yaradır. Sürücülərdən xahişimiz budur ki, inzibati xəta tərkibi yaranmaması üçün həmin zolaqlara daxil olmasınlar və avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar".

Vaqif Əsədov deyib ki, zolağa icazəsiz daxil olan digər nəqliyyat vasitələri yol boyu quraşdırılmış texniki vasitələr və ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunacaq. Xüsusi zolağa icazəsiz daxil olan avtomobil sürücüləri 40 manat cərimə ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası tərəfindən Bakı şəhərində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolaqlar çəkilməsinə dair rəy verilib. Bunlar Gəncə prospekti, Atatürk prospekti, Qara Qarayev prospekti, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Abbas Mirzə Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələridir. Bu küçələr müəyyənləşdirilərkən oradan keçən ictimai nəqliyyat vasitələrinin və həmçinin onlardan istifadə edən sərnişinlərin sayı əsas götürülüb. Zolaqların xüsusilə indiki pandemiya dönəmində təşkilində əsas məqsəd günün pik saatlarında müşahidə olunan sərnişin sıxlıqlarını, sərnişinlərin avtobusda daha az səyahət etməsini, bir məntəqədən digərinə vaxtında, rahat şəkildə çatdırılmasını təmin etməkdir.