Noyabrın 27-də bədii gimnastlarımız Ukraynanın paytaxtı Kiyevdə ikiqat uğura imza atıblar.
YeniAvropa Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Kiyev İdman Sarayında təşkil olunan bədii gimnastika üzrə sayca 36-cı Avropa çempionatı çərçivəsində komandamızın üzvləri iki medal qazanıblar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız hər iki proqram üzrə gözoxşayan çıxış nümayiş etdirərək, çoxnövçülükdə “gümüş”ə layiq görülüblər. Qeyd edək ki, bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.
Daha bir medalı isə yığma üzvlərimiz komanda hesabında qazanıblar. Qrup və yeniyetmə gimnastlarımızın dünən və bu gün topladıqları xalların cəminə əsasən bu proqram üzrə bürünc medal əldə olunub.
Həm qrup komandamız, həm də gənc gimnastlarımız ayrı-ayrı alətlər üzrə finallara da adlayıblar. Gənclərdən Nərmin Bayramova ip və lentlə, Alina Gözəlova isə top və gürzlərlə çıxışlarına görə finala vəsiqə əldə ediblər.
Noyabrın 29-da – çempionatın sonuncu günü Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaqlar.