Rəqibin potensialına bələdik və gərgin oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq-Azərbaycan oyunundan əvvəl baş tutan mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Mahir Emreli bildirib.
O, bu rəqiblə Bakıdakı qarşılaşmada qırmızı vərəqə aldığını və bununla komandasını azlıqda qoyduğunu da xatırladıb: “İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədir. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq, qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam”.
İyirmi üç yaşlı hücumçu yığmanın az qol vurması ilə bağlı da fikirlərini bölüşüb: “Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.
Qeyd edək ki, Lüksemburq-Azərbaycan matçı Bakı vaxtı ilə saat sabah 23:45-də başlanacaq.