logo

Azərbaycan milli komandasının start heyəti açıqlanıb

18:13 14-11-2020 | icon 2891
Azərbaycan milli komandasının start heyəti açıqlanıb

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının birinci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək.

Azərbaycan milli komandasının start heyətində meydana Şəhruddin Məhəmmədəliyev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Azər Salahlı, Abbas Hüseynov, Qara Qarayev, Vüqar Mustafayev, Rəhim Sadıqov, Tellur Mütəlimov və Mahir Əmrəli çıxacaqlar.

Monteneqro seçməsinin ilk on birliyində isə Milan Miyatoviç, Adam Maruşıç, Aleksandar Şofranaç, İqor Vuyaçiç, Risto Radunoviç, İqor İvanoviç, Aleksandar Şcekiç, Marko Bakiç, Sead Xakşabanoviç, Stefan Muqoşa və Stevan Yovetiç yer alıblar.

Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey İvanov olacaq. Ona Roman Usaçev və Valeri Dançenko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bunadək dörd xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq üç xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də, bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr yığması Lüksemburq seçməsini qəbul edəcək. Meydan sahibləri Azərbaycan millisindən yaxşı nəticə göstərməsə, C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksemburq isə qələbə qazansa, B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.