logo

Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başa çatır

14:44 27-03-2018 | icon 3808
Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM)  YeniAvropa-ya bildiriblər ki, sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanır. Sınaq imtahanına qeydiyyat martın 28-i saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası əvvəlki bina tam dolduqdan sonra sayta yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədikləri vaxt yeni ödəmə kartı əldə etməklə hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd edək ki, aprelin 15-də keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat aprelin 10-u saat 10:00-dək aparılacaq.