Futbol üzrə növbəti Avropa çempionatının final oyunlarına ev sahibliyi edəcək şəhərlər növbəti dəfə təsdiqlənib.
YeniAvropa xəbər verir ki, bu barədə qərar UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Avropa futbol qurumu qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Belə ki, çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.
Pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.
Xatırladaq ki, “Euro-2020”nin final oyunları 2021-ci ildə iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Elşən Balayev