logo

İlham Əliyev və xanımı yeni modul tipli xəstəxanaların açılışında olublar

16:14 09-06-2020 | icon 2107
İlham Əliyev və xanımı yeni modul tipli xəstəxanaların açılışında olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 9-da üç modul tipli xəstəxananın açılışında iştirak ediblər. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Həmin xəstəxanalar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.

Prezident İlham Əliyevə məlumat verilib ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşüblər.

Daha sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı olub.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.