logo

Mikayıl Cabbarov sahibkarların yeni iqtisadi şəraitə uyğunlaşmasını istəyir

17:11 25-04-2020 | icon 2499
Mikayıl Cabbarov sahibkarların yeni iqtisadi şəraitə uyğunlaşmasını istəyir

Biznes subyektlərinin yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir.

YeniAvropa xəbər verir ki, bu sözləri aprelin 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir. Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları qısamüddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidirlər. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər”, - deyə nazir qeyd edib.