logo

Teymur Rəcəbov FIDE-nin reytinqində ilk onluqda yer alıb

20:14 01-04-2020 | icon 504
Teymur Rəcəbov FIDE-nin reytinqində ilk onluqda yer alıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, yeni reytinq cədvəlində Azərbaycan qrossmeysterlərindən biri ilk onluqda qərarlaşıb. Dünya kubokunun sahibi Teymur Rəcəbov doqquzuncu pillədəki yerini qoruyub. Onun aktivində 2765 xal var. Şəhriyar Məmmədyarov isə onuncu sıradakı mövqeyini itirib. Aktivində 2764 xal olan Ş.Məmmədyarov bir pillə geriləyərək, onbirinci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664 xal, 74-cü yer), Rauf Məmmədov (2654, 91-ci yer) ilk yüzlükdə yer alıblar.

Siyahıya norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) ikinci, çinli Liren Dinq (2791) üçüncü yerlərdə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə bir pillə geriləyib və 2443 xalla 29-cu yeri tutur. Gülnar Məmmədova 77-ci (2386 xal), Xanım Balacayeva 86-cı (2376 xal) pillədə qərarlaşıblar. Ülviyyə Fətəliyeva isə ilk yüzlükdən kənarda qalıb.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci sırada çinli Hou Yifan (2658 xal) qərarlaşıb. Hindistan şahmatçısı Humpi Koneru (2586 xal) və Rusiya təmsilçisi Aleksandra Qoryaçkina (2582 xal) sonrakı iki pilləni tutublar.