logo

Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarına ziyan vurub

17:57 25-02-2020 | icon 2093
Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarına ziyan vurub

Fevralın 25-də güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.

Ağdam rayon Fövqəladə Hallar Komissiyasından YeniAvropa-ya bildiriblər ki, güclü külək nəticəsində Qaradağlı kənd tam orta məktəbinin, 20-dən çox evin və yardımçı binanın dam örtüyünə, eləcə də rayonun elektrik təsərrüfatına ziyan dəyib, 10-dan çox elektrik dirəyi aşıb, naqillər qırılıb. Rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib. Hazırda dəyən ziyanın araşdırılması davam etdirilir.

Güclü külək Tərtər və Bərdə rayonlarında da bir sıra fəsadlar törədib. Belə ki, Tərtər şəhər 6 nömrəli, Şıxarx-2 və Səhləbad kənd tam orta məktəblərinin, eləcə də 20-dən çox evin, yardımçı binanın və tövlənin dam örtüyünü uçurub. Hacı Qərvənd kəndində daş hasar “VAZ 21015” markalı avtomobilin üzərinə aşıb. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib.

Külək nəticəsində Bərdə rayonunda 50-ə yaxın ağac aşıb, rayonun elektrik təsərrüfatına, vətəndaşlara məxsus evlərə və digər tikililərə ziyan dəyib.