logo

Mədəniyyət naziri Omanın yeni soltanı oldu

12:54 11-01-2020 | icon 2702
Mədəniyyət naziri Omanın yeni soltanı oldu

Omanın mədəniyyət və milli irs naziri Haysam bin Tarik Əl Səid soltan Kabus bin Səid Əl Səidin vəfatından sonra dövlətin yeni başçısı olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Oman Ali Təhlükəsizlik Şurasının müvafiq bəyanatı səltənətin dövlət televiziyasında səsləndirilib.

Haysam bin Tarik Əl Səid Oman Şurasında (parlament tipli ikipalatalı müzakirə orqanı) and içib.

Qeyd edək ki, 79 yaşlı Kabus bin Səid Əl Səid uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında vəfat edib. Sultanın ölümü ilə bağlı ölkədə üç günlük matəm elan olunub, dövlət bayraqları 40 gün müddətinə endirilib.

Ölkə konstitusiyasının 6-cı maddəsinə əsasən, taxt boş qaldıqdan sonra hakim ailə üç gün ərzində yeni soltanı seçməlidir. Bu müddət ərzində razılığa gəlinməsə, yüksək rütbəli hərbçilərdən, Ali məhkəmənin sədrindən və Oman Şurasının rəhbərlərindən ibarət şuranın iştirakı ilə əvvəlki soltan tərəfindən yeni rəhbərin adının yazıldığı möhürlənmiş zərf açılmalıdır.