“Qarabağ” klubunun UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində Bakıda İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəyi oyuna indiyədək 20 mindən çox bilet satılıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.
O bildirib ki, oyunla əlaqədar 30 min bilet satışa çıxarılıb. Ən ucuz biletin qiyməti 3 manatdır. Satışda 5, 15, 20, 50 və VIP sektor üçün 100 manatlıq biletlər də var.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki “iTicket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” (onlayn) saytından əldə etmək mümkündür.
Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Qrupun Kiprdə oynanılacaq digər oyununda APOEL doğma meydanda Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək.