logo

“Avro 2019”: Azərbaycan millisi Estoniya qalib gəldi

21:50 28-08-2019 | icon 3304
“Avro 2019”: Azərbaycan millisi Estoniya qalib gəldi

Avqustun 28-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

 YeniAvropa xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz dördüncü turda Estoniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda voleybolçularımız 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:12) hesabı ilə qalib gəliblər.

Millimiz ötən turlarda Xorvatiyanı 3:2, Macarıstanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3.

Hesabında 12 xal olan Hollandiya qrupda birinci pillədə yer alıb. Yeddi xalla Azərbaycan və Xorvatiya komandaları 2-3-cü pillədə yer alıblar. Rumıniya 6 xalla dördüncü, Macarıstan 3 xalla beşincidir. Hesabında 1 xal olan Estoniya millisi isə qrupda sonuncu yerdədir.

Millimiz qrupda sonuncu oyununu avqustun 29-da Rumıniya komandasına qarşı keçirəcək.

C qrupunun oyunları Budapeştdə təşkil olunub.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.