Güləşçilərimiz Ziya Babaşov və Nihad Məmmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatının finalına yüksəliblər.
YeniAvropa Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan Ziya Babaşov (48 kq) əvvəlcə bolqarıstanlı güləşçini məyus edib. Dörddəbir finalda Cənubi Afrika təmsilçisinə qalib gələn Z.Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb.
Nihad Məmmədli (55 kq) ilk görüşdə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus idmançısını da vaxtından əvvəl üstələyən N.Məmmədli yarımfinala vəsiqə qazanıb. Onun qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb.
Qeyd edək ki, bu çəkilərdə final qarşılaşmaları avqustun 3-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.