logo

Moskvadakı “One Tower” Avropada ən hündür göydələn olacaq

15:10 06-07-2019 | icon 4893
Moskvadakı “One Tower” Avropada ən hündür göydələn olacaq

Rusiya paytaxtının “Moskva-Siti” Beynəlxalq İşgüzar Mərkəzinin ərazisində unikal yaşayış göydələninin tikintisinə hazırlıq işləri başlayıb.

 YeniAvropa  “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, hazırda test dirəklərinin qurulması və özülün hasarlanması işləri aparılır. Moskva merinin şəhərsalma siyasəti və inşaat məsələləri üzrə müavini Marat Xusnullin deyib: “Bu, çox mürəkkəb və iddialı layihədir. Mən əminəm ki, bina yüksək keyfiyyətlə və vaxtında inşa ediləcək”.

O qeyd edib ki, “One Tower” qülləsi Avropada ən hündür yaşayış binası olacaq.

“Mosinjproyekt” şirkətinin baş direktoru Mars Qazizullin qeyd edib ki, monolit konstruksiyalar quraşdırılan zaman binanın konstruksiyasına bərkidilən üç qüllə kranından istifadə olunacaq.

Qazizullin deyib: “Tikilinin sahəsi 0,8 hektardır. İnşaat işlərinin ən qızğın çağında obyektdə azı 2 min adam çalışacaq”.

Layihədə yeraltı avtomobil dayanacağı ilə çoxfunksiyalı hündür yaşayış kompleksinin – qradiyent şüşə fasadları olan əyilmiş prizma formasında göydələnin tikintisi nəzərdə tutulub. Qüllənin ümumi hündürlüyü 405 metr təşkil edəcək, stilobatın hündürlüyü 80 metr olacaq. Binada 101 yerüstü və üç yeraltı mərtəbə nəzərdə tutulub.

Yeni göydələn “1-ci Krasnoqvardeyski” keçidi ərazisində, “Merkuri” və “Qrand Tauer” qüllələrinin yaxınlığında yerləşəcək. Binanın stilobat hissəsində biznes-mərkəz, mağazalar, restoranlar, uşaqlar üçün asudə vaxt mərkəzi, mərtəbələrində isə mənzillər yerləşəcək. 100-cü mərtəbə səviyyəsində müşahidə meydançası yaradılacaq. Gələcək göydələn “Moskva-Siti” ərazisindəki “Federasiya qülləsi” binasından 33 metr hündür olacaq.